Dəhşətli yol qəzaları

Bərdədə baş verən yol qəzasında iki minik maşını toqquşub. Hadisə rayonun Divanlı kəndi ərazisində baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qəza zamanı minik maşınının sürücüsü 31 yaşılı Elnur Həsənov ölüb,1 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidlərinin sözlərinə görə, minik avtomobillərdən biri yüksək sürətlə hərəkətdə olan zaman başqa bir maşının onun qarşısına çıxıb. Bu zaman hərəkətdə olan minik maşını yolu iki hissəyə ayıran dəmir parçalarına dəyərək aşıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər bir qəza isə Ağdamda baş verib. İki minik maşınının toqquşması nəticəsində 5 nəfər yaralanıb. Qəza zamanı bir ailənin 3 nəfər üzvü Ağdam rayon sakinləri 21 yaşlı Ramilə Piriyeva, 49 yaşlı Qənirə Piriyeva, 57 yaşlı Vaqif Piriyev, o cümlədən, digər maşında olan Rahib Abbasov, Vaqif Mehdiyev yaralanıblar. Yaralılar ətrafda olan insanların köməyi ilə Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, yaralıların vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hər iki hadisə ilə bağlı Bərdə və Ağdam rayon Polis Şöbələrində cinayət işi başlanıb, araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə