Yenə qan töküldü

Sabirabadda yenə qan töküldü. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, ötən gün Sabirabadın Qaragüney kəndində qohumlar arasında yaranmış mübahisədə 1987-ci il təvəllüdlü Məmmədov Əliağa Ədalət oğlunu 2 qardaşlar 1988-ci il təvəllüdlü Həsənov Nurulla və Həsənov Əliağa Ramiz oğlu bıçaqla vuraraq qətlə yetiriblər. Əliağa Məmmədov Şirvan mərkəzi xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib. Mərhum Əliağa Məmmədovun əmisinin dediyinə görə, 2 qardaşlar 25 yaşlı gəncin bədəninə 16 yerdən bıçaqla zərbələr vuraraq qətlə yetiriblər. Hadisədən sonra qardaşlar kənddən qaçıblar. Mərhumun əmisi qeyd edib ki, həmin qardaşlar Qaragüney kənd orta məktəbinin direktoru Ramiz Nurullayevin oğlanlarıdır və kənddə qoçuluqla məşğuldurlar:"Qardaşlardan Nurulla Həsənov kənddə 3 dəfə bıçaqla müxtəlif adamlara xəsarətlər yetirib. Lakin atalarının maddi imkanları onları məsuliyyətdən yayındırıb".

Qatillər polis tərəfindən 2-3 saat sonra tapılaraq saxlanılıblar.

Qeyd edək ki, faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə