Fəhlələri daşıyan vaqon yanıb

Fəhlələri daşıyan vaqon yanıb

Bakı-Böyükkəsik dəmir yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yanğın hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, sərnişin vaqonu ərazidə iş aparan dəmiryolçu fəhlələrin istifadəsində olub. Vaqonda yanğın fəhlələrin yemək bişirmək üçün istifadə etdikləri qaz balonunun partlamasından sonra baş verib. Nəticədə vaqonun yanan hissələri tamamilə sıradan çıxıb. Hadisə yerinə çağırılan Goranboy yanğınsöndürənləri alovun ətrafa yayılmasının qarşısını alıblar.

Məlumat üçün bildirək ki, vaqonun içərisindəki fəhlələr ağır yanıq xəsarəti alaraq Goranboy Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstələrə ilk tibbi yardım göstərilsə də, Cəlilabad rayon sakinləri 23 yaşlı Emil Babaşov və 40 yaşlı Eldar Sadıqovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndəriləcək.

Qeyd edək ki, faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə