Bakıda mağazaya basqın edərək gözətçini qətlə yetirən şəxslərdən daha biri həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əfəsliyar Ağamirzəyevin qətlə yetirildiyi cinayətin digər iştirakçısı Binnət İmaməliyev iyulun 13-də yaxalanıb.
Qeyd edək ki, məlum hadisə iyunun 30-da saat 05:30 radələrində Gəncə prospektində qeydə alınıb. Naməlum şəxslər Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus mağazadan plastik qapını sındırma yolu ilə siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb qaçarkən mağazanın gözətçisi Əfəsliyar Ağamirzəyev onları saxlamaq istəyib. Bu zaman oğrular Ə.Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq onu qətlə yetiriblər.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini Zöhrab Şamilzadə iyulun 12-də tutulub. Hazırda cinayətin digər iştirakçılarının yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB