Qubanın Bərqov kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, 20-dən çox xəstə ağır və ortaağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Qubanın Bərqov kəndində keçirilən toy mərasimində yemək yeyən əksər qonaqlar elə mağardaca özlərini pis hiss etməyə başlayıblar. Toy yiyələri bir müddət sonra görüblər ki, hamı yerə yıxılır. Dərhal kəndə Qubadan Təcili-Tibbi yardım çağrılıb.
Toy sahibləri deyirlər ki, hazırlanmış yeməklərdən heç bir narazılıq yoxdur. Yemək yeyənlər zəhərlənməyiblər. Ancaq sok içənlər və qarpız yeyənlər zəhərlənib.
Axşam saatlarında Quba Mərkəzi Rayon Xəstəxanasına Bərqov kəndində kütləvi zəhərlənmə faktının baş verməsi barəsində məlumat daxil olub. Hadisə yerinə ardıcıl olaraq təcili yardım avtomobilləri göndərilib. 24-dək xəstə ağır və orta ağır vəziyyətdə yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Xəstəxanaya gecə saatlarında da müraciətlər daxil olub və bəzi xəstələr ambulator müayinədən sonra evə buraxılıb. Hadisə yerindəki qidalardan və meyvə şirələrindən kötürülən nümunələr Quba Rayon Gigiyena və Epedemiologiya Mərkəzi tərəfindən müayinə olunur. Nəticələr hələ dəqiqləşdirilməyib.
Faktı rayon Prokurorluğu da araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB