Ölümlə nəticələnən ağır yol qəzası baş verib

Ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolununu 13-cü kilometrliyində 1 nəfərin ölməsi ilə nəticələnən ağır qəza baş verib. SİA-nın Aran bürosuna qəzanın baş verməsi barədə BDYP idarəsinin istintaq şöbəsinin müstəntiqi Vaqif Nəcəfov bildirib.

Hal-hazırda tikintisi gedən Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunun 13-cü km-də Bəhrəmtəpə istiqamətdə hərəkət edən, sürücü Ağcəbədi rayonun Qaradolaq kənd sakini 1957-ci il təvəllüdlü Novruzov Cəfər İmran oğlu "Mercedes-Benz" markalı 10 SP 898 nömrəli minik avtomobili ilə eyni istiqamətdə yolun kənarında dayanmış sürücü Türkiyə vətəndaşı, "Koilin" tikinti şirkətinin işçisi, 1982-ci il təvəllüdlü Ağalı Nataliya Qaçay qızının idarə etdiyi Prado markalı 9 NM 559 nömrəli avtomabilə arxadan çırpılıb.

Nəticədə Ağcəbədi sakini, 55 yaşlı Cəfər Novruzov hadisə yerində dünyasını dəyişib. Maşında olan sərnişin Ağcəbədi rayonun Qaradolaq kənd sakini 1977-ci il təvəllüdlü Əliyev Siyavuş Bəndalı oğlu xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə