Aprel ayına kimi ermənilər atəşkəs rejimini 422 dəfə pozublar

Cari ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 147 dəfə pozulub. SİA-nın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi yaralanıb, 1 hərbçisi isə şəhid olub. Aprel ayında Ermənistan Silahlı Qüvvələrinin daha çox Ermənistan-Azərbaycan dövlət sərhədində aktivləşməsi müşahidə olunub. Atəşkəsin pozulmasına dair ən çox fakt da məhz cəbhənin şimal-qərbində – Qazax və Tovuz rayonları istiqamətində qeydə alınıb. Aprel ayında cəbhənin Qazax rayonu istiqamətində atəşkəs rejimi 36, Tovuz rayonu istiqamətində isə 26 dəfə pozulub. Ermənistan Ordusunun bölmələri tərəfindən bu dövrdə atəşkəsin pozulması ilə yanaşı, Azərbaycan mövqelərinə qarşı diversiya xarakterli 20-dək cəhdin qarşısı alınıb. Amma buna baxmayaraq iyunun 5-dən etibarən Ermənistan ordusu yenidən pozmağa başlayıb. Belə ki, iyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib. Bununla belə iyunun-6-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Niyaməddin Şaləddin oğlu Mehdiyev yaralanıb. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilib. İyunun 10-da isə Azərbaycan Ordusunun iki zabiti minaya düşüb. Hadisə Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində qeydə alınıb. Kapitan Verdiyev İlqar Tapdıq oğlu və kapitan Məmmədov Zahir Allahqulu oğlu yaralanaraq hospitala yerləşdiriliblər. İlqar Verdiyevin qolu, Zahir Məmmədovun isə ayağı amputasiya olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev SəsTV-yə məlumatında faktı təsdiqləyib. Onun sözlərinə görə, hazırda onların vəziyyətlərinin stabil olduğu deyilir. Qeyd edək ki, İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.


Ümumilikdə, 2012-ci ilin ilk 4 ayında (yanvar-aprel ayları) cəbhə xəttində atəşkəs rejimi Ermənistan Silahlı Qüvvələri tərəfindən 422 dəfə pozulub. Cari il ərzində Azərbaycan Ordusunun cəbhə xəttində bir hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 5 hərbçi və bir mülki sakin atəşkəsin pozulması nəticəsində yaralanıb, 1 hərbçi isə şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...