Bakıda 74 yaşlı ana xilas edilib

Bakıda oğulu tərəfindən əl qumbarası ilə təhdid edilərək bağlı mənzildə saxlanılan 74 yaşlı ana xilas olunub. SİA-nın Fövqəladə hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, \"112\" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Sabir Rəşid oğlu Məlikyeqanlı giriş qapısını içəridən bilərəkdən bağlayıb və anası - 1938-ci il təvəllüdlü Gülzar Hüseyn qızı Rzayevanın mənzildən çıxmasına yol verməyib.

Məlikyeqanlının üzərində əl qumbarasının olması ehtimalı barədə xilasedicilərə məlumat verilib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanının dəmir barmaqlıqlarını kəsərək hüquq mühafizə orqanlarının əməkdaşlarının içəri daxil olmalarına şərait yaradıblar.

Məlikyeqanlı zərərsizləşdirilib, baxış zamanı fiziki təzyiqlərə məruz qaldığı müşahidə olunmuş Rzayevaya Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə