Ötən axşam Xaçmaz rayonun bir neçə yaşayış məntəqəsinin yaxınlığındakı sahələrdə yanğın baş verib. Güclü küləklə müşayət olunan yanğın nəticəsində ümumilikdə 19 hektaradək bağ və əkin sahəsinə, eləcə də 1 hektar meşə massivinə ziyan dəyib.
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yanğın ötən gün Xaçmaz rayonunun Ağarəhim-oba və Qədəş-oba kəndləri yaxınlığındakı meyvə bağında baş verib. Sakinlər meyvə ağaclarından kəsilən quru budaqları yandırarkən alov küləyin təsirindən getdikcə geniş əraziyə yayılmağa başlayıb. Alovun qarşısını ala bilməyən sakinlər müvafiq qurumlara müraciət etməli olub.
Hadisə yerinə FHN-nin şimal Regional İdarəsinin, eləcə də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin yanğınsöndürən briqadaları cəlb olunub. Alovun ram edilməsi gecə saat 2-dək davam edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının hesablamasına görə, Xaçmaz rayonunun Qədeş-oba və Ağarəhim-oba kəndləri ərazisində 12 ha kol-kos və bağ sahəsi, Müşkür-oba kəndi yaxınlığında isə 2 ha kolluq və təsərrüfat sahəsi yanıb.Yanğın 1 ha meşə massivinə də müəyyən dərəcədə ziyan vurub.
Bundan əlavə ötən gecə rayonun Müqtədir qəsəbəsindəki 5 ha dəniz kənarı qamışlıq sahələrdə də yanğın baş verib və alov söndürülüb. Ümumilikdə 19 ha ərazidə qeydə alınan yanğın hadisələri ilə əlaqədar təhqiqat aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB