Şəkidə sahə yanıb
Ötən gün Oğuz və Şəki rayonları arasındakı Şəki rayonunun Küncüt bələdiyyəsinə məxsus sahədə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğının baş verməsinə səbəb Oğuz-Şəki yolunun mühafizə zolağının ətrafında yaşayan, mal-qara otaran qaçqın və məcburi köçkünlər tərəfindən yandırılan tonqal olub.

Yanğın genişlənərək meşə fonduna məxsus, meşə ilə örtülü olmayan əraziyə də keçib və meşə fonduna məxsus 1 hektar ərazidəki quru ot örtüyü və kollar yanıb.

Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və rayon ictimaiyyəti tərəfindən qısa müddətdə nəzarətə götürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə