Şirvan şəhərində bir gecədə iki bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Şirvan sakini İsgəndərov Vurğun Fəxrəddin oğlu bıçaqla yüngül, yəni daxilə nüfuz etməyən bıçaq yarası alaraq Şirvan şəhər xəstəxanasına daxil olub. Xoşbəxtlikdən gəncin həyatına təhlükə yaranmayıb və o evə buraxılıb.
Lakin digər Şirvan şakini 1988-ci il təvəllüdlü Ələkbərov Asif Mərifət oğlu isə həm yaşıdları ilə aralarında yaranmış mübahisə zəminində bıçaqla ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Şirvan Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Akif Rüstəmovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Ələkbərov Asif bel nahiyyəsindən, qarın boşluğundan döş boşluğuna keçən bıçaq yarası ilə cərrahiyyə şöbəsinə daxil olub. Yaralının üzərində 5 saat cərrahi əməliyyat aparılıb. Əməliyyat zamanı məlum olub ki, bıçaq A.Ələkbərovun dalağını, mədəsini, diafraqmasını, sol ağ ciyərini kəsib içəri daxil olub. Xəstə hal hazırda reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır stabil qiymətləndirilir.
Məlumat üçün bildirək ki, A.Ələkbərov ailənin yeganə övladıdır və bərbərlik sənəti ilə məşqul olurmuş. Cinayət kütləvi şəkildə baş verib və hadisəni törədənlərin tapılması üçün Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən intensiv əməliyyat axtarış tədbirləri davam etdirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB