Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri həbs edilib

Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri həbs edilib
"Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən "Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirinov fevralın 17-də birliyin Bakı şəhərində yerləşən inzibati binasında xidməti otağında vətəndaşdan 2.000 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Seymur Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd "Müharibə veteranı", 2 ədəd "Mübariz" Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən sair sənəd və əşyalar aşkar edilərək götürülüb.

Seymur Şirinov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə