MTN İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşıyan şəxsləri ifşa edib

MTN İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşıyan şəxsləri ifşa edib
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə qanunsuz olaraq narkotik vasitələri daşıyan şəxslər ifşa edilib. Onlardan ümumilikdə 14 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.


MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, İran Qəməryan Əli Yusif oğlu, Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Azər Namiq oğlu, Manafov Şakir Babulla oğlu və qeyriləri qabaqcadan əlbir olaraq İran ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə İrandan Azərbaycana gətiriblər.


Müəyyən edilib ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Əli Qəməryan və digər İran vətəndaşları külli miqdarda narkotik vasitə olan tiryəki qaçaq yolla Azərbaycan Respublikasına keçirmək məqsədilə İran ərazisində həmin narkotiki kapron materialdan hazırlanmış kanistrin içərisində gizlədiblər. Əli Qəməryan içərisində narkotik vasitə olan kanistri özünün idarə etdiyi \"VOLVO\" markalı avtomobildə gizlədərək qacaq yolla Azərbaycan Respublikasına gətirib və Lənkəran rayonunun Pensər kəndi ərazisində qrupun digər üzvü Azər Hüseynova təhvil verib. Əvvəlcədən əldə olunmuş razılığa əsasən Azər Hüseynov içərisində narkotik vasitə olan kanistri özünün idarə etdiyi \"VAZ-2107\" markalı avtomobildə daşıyaraq, narkotik vasitələri qrupun digər üzvü Şakir Manafovun yaşadığı Lənkəran şəhərindəki evinin zirzəmisində gizlədiblər. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Əli Qəməryan, Azər Hüseynov və Şakir Manafov yaxalanıb, sonuncunun evinin zirzəmisinə keçirilən baxış nəticəsində içərisində 10 kiloqrama yaxın tiryək olan kapron kanistr aşkar edilərək götürülüb.

MTN-in digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Rəşidov Habil Xudaşirin oğlu yaxalanıb. Məlum olub ki, Habil Rəşidov, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər. Belə ki, Habil Rəşidov 2012-ci ilin fevral ayının əvvəlində İranın Astara şəhərinə getmiş və orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədəli adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girib külli miqdarda tiryəki gizli surətdə Azərbaycana gətirib.

MTN-in daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliyev İbadulla Yadulla oğlu saxlanılıb. Müəyyən edilib ki, İbadulla Əliyev, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Həmid adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə olan tiryəki İran İslam Respublikasında satış məqsədilə qanunsuz olaraq əldə etmiş, gizli yolla İrandan Azərbaycana gətiriblər.

Belə ki, İbadulla Əliyev İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən Həmid adlı iranlı ilə külli miqdarda tiryəkin Azərbaycana qaçaq yolla gətirilməsi barədə razılaşıblar. Həmin iranlı tiryəkin qaçaq yolla keçirilməsi müqabilində İbadulla Əliyevlə 1.000 ABŞ dolları və əlaqə üçün 1 ədəd mobil telefon verib. İbadulla Əliyev Azərbaycana qayıtdıqdan bir neçə gün sonra Biləsuvar rayonunun Səmədabad kəndinin yaxınlığında hazırda şəxsiyyəti istintaqla araşdırılan digər iranlı ilə görüşüb İrandan gizli yolla göndərilib narkotik vasitə olan tiryəki ondan təhvil alıb. Lakin İbadulla Əliyev yaxalanıb və baxış zamanı 3 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı İmanov Ayaz Musa oğlu saxlanılıb. Belə ki, Ayaz İmanov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Cəmşid adlı vətəndaşı ilə qabaqcadan əlbir olaraq İranda əldə etdikləri külli miqdarda heroini qaçaq yolla Azərbaycana gətiriblər. Müəyyən edilib ki, Ayaz İmanov İranın Ərdəbil şəhərində olarkən tanışı Cəmşidlə satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilərək gizli yolla İrandan Azərbaycana gətirilməsinə dair razılığa gəliblər. Bundan sonra Ayaz İmanov Cəmşid tərəfindən Azərbaycana qaçaq yolla gətirilməsi təşkil olunmuş həmin heroini əvvəlcədən razılaşdırılıb, yəni Bakı şəhərinin Balaxanı qəsəbəsində fəaliyyətsiz zavodun yaxınlığındakı gizli yerdən götürüb. Lakin Ayaz İmanov yaxalanıb və keçirilmiş baxış zamanı ondan 1 kiloqram 217,2 qram heroin aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə