Rayon sakini ev heyvanları ilə birlikdə yandı

Rayon sakini ev heyvanları ilə birlikdə yandı

Xızı rayonu Altıağac qəsəbəsində gecə saat 2.00 radələrində 257 nömrəli taxta barak ev yanıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə yerinə dərhal yerli yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Alov söndürüldükdən sonra evdə tək yaşayan rus əsilli malakan 1936-cı il təvəllüdlü Nelli Tırina Fyodorovnanın yanmış meyidi aşkar edilib.

Xızı polisindən verilən məlumata görə, müxtəlif vaxtlarda Nelli Tırinanın evinin ortasında ocaq qaladığı haqda şöbəyə məlumat daxil olub. Hadisə baş verən əraziyə yaxın yaşayanların sözlərinə görə, dünyasını dəyişən xanım falçılıqla məşğul olurmuş.


Məlumat üçün bildirək ki, Xızı rayon İcra Hakimiyyətindən də Nelli Tırinanın falçılıqla məşğul olması təsdiqlənib.


Bədbəxt hadisəyə gəlincə isə ehtimal edilir ki, yanğın ehtiyatsızlıq səbəbindən baş verib. Qeyd edək ki, hadisə zamanı Nelli Tırinanın evində saxladığı bir neçə it və pişik də yanaraq kül olub.

Faktla bağlı Xızı rayon prokurorluğunda ilkin araşdırmalara başlanılıb. Onun ölüm səbəbləri müəyyən edilməsi və hadisənin necə baş verməsi ilə bağlı istintaq davam edir.



Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə