Ovçuluq təsərrüfatında keçirilən reyd zamanı silahlı insident baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, yanvarın 10-da keçirilən növbəti reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən "Zəvvar" ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb və müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb. Bu zaman digər brakonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq Nazirliyin əməkdaşları istiqamətində atəş açmış, lakin təsadüf nəticəsində xəsarət alan olmamışdır. Daha sonra həmin şəxs Nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 ədəd tüfəngi maşının yük yerindən götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı Daxil İşlər Nazirliyinin 102 xidmətinə, Cəlilabad rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
"Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Respublika ərazisində qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, belə hallar əməkdaşlarımızı qanun pozuntularına qarşı mübarizədən çəkindirə bilməz və bir daha əhalini ov etməklə müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB