Baş Prokurorluq: \"Sumqayıt şəhərində qətl törətmiş şəxs tutulub\"

Baş Prokurorluq: \"Sumqayıt şəhərində qətl törətmiş şəxs tutulub\"
Azərbaycan Baş Prokurorluğu Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, ötən il dekabrın 30-da saat 18:00 radələrində Rzayeva Raya Əziz qızının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 575 c ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Fakta görə həmin tarixdə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Prokurorluğu, Sumqayıt Şəhər Polis İdarəsi, Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfərov İntiqam Akif oğlu yanvarın 7-də tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, İntiqam Cəfərov dekabrın 30-da saat 11:00 radələrində oğurluq məqsədilə Raya Rzayevanın yaşadığı evə daxil olduqda sonuncu ona mane olmaq istəyib. Bu zaman İntiqam Cəfərov üstündə gəzdirdiyi bıçaqla onun boyun nahiyəsinə, eyni zamanda təpik və daşla başının sifət və digər nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq öldürüb. Bundan sonra İ.Cəfərov zərərçəkmişin üstündə olan iki ədəd qızıl üzüyü və sırğaları, habelə evdə olan "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb.

İntiqam Cəfərova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə