2011-ci ilin son günü Hacıqabul rayonun Qarasu kəndi ərazisində 4 nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, saat 21:10 radələrində 10 XO 538 və 90 DB 556 nömrəli "Mercedes" markalı maşınlar toqquşub.
Nəticədə 10 XO 538 nömrəli maşında olan Mingəçevir şəhər sakini sürücü Mehdiyev Cabbar Məhəmməd oğlu və sərnişin Hacıyev Mübariz Əhməd oğlu yerindəcə dünyasını dəyişib. M.Hacıyevin Mingəçevir şəhər prokurorunun sürücüsü olduğu bildirilir. Həmin maşının sürücüsünün meyitini FHN-nin Hacıqabul rayonunda yerləşən xilasediciləri çətinliklə də olsa çıxara biliblər.
Maşında olan digər 3 nəfər sərnişin yaralanaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilsə də onlardan 1986-cı il təvəllüdlü Həsənov Kinyaz Ağali oğlunun və kimliyi istintaqa məlum olmayan Türkmənstan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb.
Digər avtomobilin sürücüsü Nağıyev İqbal Adil oğlu və maşında olan sərnişin Əliyeva Pərvanə Vəli qızı yaralanaraq Şirvan xəstəxanasına yerləşdiriliblər. İqbal Nağıyev Ağcəbədi rayon polis şöbəsinin müstəntiqidir. Bu səbəbdən hadisəni BDYP-nin müstəntiqi deyil Hacıqabul rayon prokurorluğu araşdıracaq.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB