Ölkədə məişət qazının istifadəsi ilə əlaqədar baş verən bədbəxt hadisələrin 95%-ə qədəri zəhərlənmə ilə nəticələnib

Ölkədə məişət qazının istifadəsi ilə əlaqədar baş verən bədbəxt hadisələrin 95%-ə qədəri zəhərlənmə ilə nəticələnib
Azərbaycanda məişət qazının istifadəsi ilə əlaqədar baş verən bədbəxt hadisələrin 95%-ə qədəri zəhərlənmə, qalan hissəsi isə yanğın və partlayış xarakterlidir. SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydınbəy Amanov bildirib. Onun sözlərinə görə, baş verən bədbəxt hadisələrin əsas səbəbləri istehlakçılar tərəfindən təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi, aidiyyəti təşkilatların balanslarında olan binalarda, eləcə də fərdi yaşayış evlərində tüstü bacaları və ventilyasiya kanallarının vaxtında təmizlənməməsi və ya təmir etdirilməməsidir. Son günlər aparılan araşdırmalar göstərir ki, bu hadisələrin səbəbləri arasında vaxtilə isti su ilə təchiz edilmiş yaşayış binalarında isti su təminatının tamamilə pozulması da var. Qeyd edək ki, təkcə Bakı şəhərində isti su ilə təminatı pozulmuş 150 min mənzil mövcuddur. Qurum rəsmisi deyib ki, bunun nəticəsində təbii qazla işləyən su qızdırıcılarının texniki normalara cavab verməyən vanna otaqlarına quraşdırılması, bu zaman çıxışların ventilyasiya kanallarına və şaxtalara birləşdirilməsi baş verir. Bu da son nəticədə bədbəxt hadisələrin baş verməsinə səbəb olur.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə