Sahə müvəkkili rüşvət alarkən yaxalanıb

Sahə müvəkkili rüşvət alarkən yaxalanıb

2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda iki mərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

SİA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Respublikanın hüquq mühafizə orqanları tərəfindən korrupsiya hüquqpozmalarının və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə