Bakıda 1.5 milyon dollar borcu olan iş adamları girovluqdan azad edilib

Bakıda 1.5 milyon dollar borcu olan iş adamları girovluqdan azad edilib
Bakıda borc üstündə girov saxlanılan iki iş adamı girovluqdan xilas edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 2011-ci il noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində - Dəyanət Əkbər oğlu İsmayılova məxsus ofisdə girov saxlanmaları barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Məlumatdan sonra həyata keçirilən tədbirlər nəticəsində onlar girovluqdan azad edilib. İlkin araşdırmalarla müəyyən edilib ki, Dəyanət İsmayılov noyabrın 20-də Mehman Vahabzadəni və Samid Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət edib. Sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoyub və bildirib ki, D.İsmayılov borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirəcəklərinə qədər onları girov saxlayacaq. Araşdırmalar zamanı M.Vahabzadənin və S.Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilib. Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə