Baş Prokurorluq və DİN Ağdaş və Tərtərdə törədilən ağır qətl hadisələri ilə bağlı açıqlama yayıb

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi son günlər ölkə ərazisində törədilən ağır qətl hadisələri ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, noyabrın 10-da Ağdaş şəhər sakini 75 yaşlı Telman Abdullayevin yaşadığı evin həyətindən küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bu ağır cinayət hadisəsi ilə bağlı polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerindən 1 ədəd \"Mauser-Verkif\" markalı tapança və içərisində 15 ədəd patron olan 2 daraq aşkar edərək götürüblər. Qısa müddətdə həyata keçirilən tədbirlərlə cinayəti törədən Ağdaş sakinləri Elnur Musayev və Rövşən Əliyev müəyyən edilərək tutulublar.

Həmin gün Tərtər rayonunun Sarıcalı kənd sakini Tünzalə Həsənovanın da yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Bununla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, həyata keçirilmiş tədbirlərlə qətli törədən, Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Ocaqov tutulub. İstintaq araşdırmaları ilə Tahir Ocaqovun zərərçəkmişi aralarında baş vermiş münaqişə zəminində qəsdən öldürdüyü müəyyən edilib.

Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən hər iki fakt üzrə, eləcə də digər cinayətlərin açılması, onları törədənlərin tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə