Şirvanda toy yasa çevrildi - FOTO

Şirvanda toy yasa çevrildi - FOTO

Ötən gecə, təxminən saat 21:30 radələrində Şirvan şəhərindəki "Sərvət " şadlıq sarayında toy mərasimində baş verən davada 1 nəfər həyatın itirib, digər 1 nəfər isə bıçaqlanıb. SİA-nın Aran bürosunun hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, "Sərvət" şadlıq sarayında toy mərasimi keçirən şəxslər Sabirabad rayonunun Həşimxanlı kəndinin sakinləri olub. İçki qəbul edən kənd sakinləri ilə toya gələn qonaqlar arasında mübahisə yaranıb, daha sonra kütləvi davaya çevrilib.

Hadisəni törədənlər əraziyə gələn hüququ-mühafizə orqanlarının əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb. Sonradan məlum olub ki, bəyin dostu Qafarov Nicat Mahir oğluna bıçaqla xəsarət yetirilib. Şirvan polis şöbəsinə gətirilən Nicatın atasının dediyinə görə oğlu çoxlu qan itirdiyindən vəziyyəti pisləşib. Buna baxmayaraq hansısa müstəntiq Nicatı xəstəxanaya buraxmaq istəməyib, ondan izahat almağa cəhd göstərib. Lakin Nicatın həyatına təhlükə yarandığı üçün Şirvan xəstəxanasına aparıblar. Növbətçi cərrah-həkim Çingiz Həsənovun verdiyi məlumata əsasən 1990-cı il təvəllüdlü Qafarov Nicat Mahir oğlu 23:30 radələrində şöbəyə qəbul edilib. Onun üz nahiyəsinin sol tərəfində, burunun, sağ gicgahın və sol qolun bazu hissəsində iti alətlə kəsilmiş yararaları aşkar edilərək ilkin yardım göstərilib.

Qanlı davanın qurbanı isə Şirvan şəhər Bayramlı qəsəbəsinin sakini 1968-ci il təvəllüdlü Səmədov Şahin Əmirxan oğlu olub. Şərxoşların yaratdığı qanlı davanı sakitləşdirməyə çalışan Şahin Səmədov qəflətən ürəyindən infarkt keçirərək yerə yıxılıb. Sülh yaratmaq istəyən Şahin elə xəstəxanata aparılarkən yolda keçinib. Baş vermiş hadisə zamanı dünyasını dəyişən şəxsin hansı səbəbdən ölməsi araşdırılır. Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra ölümün səbəbi barədə məlumat veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl "Sərvət " şadlıq sarayında kütləvi dava ilə nəticələnən oxşar hadisə baş vermişdi.

İqbal Mikayılov.

Bütün xəbərlər Facebook səhifəmizdə