Təqaüddə olan polis zabiti yol qəzasında dünyasını dəyişib

Təqaüddə olan polis zabiti yol qəzasında dünyasını dəyişib

Ötən gecə Hacıqabul rayonu ərazisində növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna BDYP-nin müstəntiqi Mahmud Maqsudov bildirib ki, hadisə Bakı-Qazax yolunun 138-ci kilometrliyində gecə saat 00:20 radələrində Hacıqabul rayonu ərazisində baş verib. Belə ki, Qazax istiqamətinə hərəkət edən 1959-cu il təvəllüdlü Ağdamın Quzanlı kənd sakini Şükürov İlham İsfəndiyar oğlunun idarə etdiyi "Mercedes Benz" markalı 02 BX 984 nömrə nişanlı avtomaşın, əks istiqamətdə hərəkətdə olan Xocalı sakini 1954-ci il təvəllüdlü Məmmədov Zahid Mikayıl oğlunun idarə etdiyi "Kamaz" markalı 45 BX 094 nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes Benz"də olan sərnişin 1955-ci il təvəllüdlü Ağdamın Quzanlı kənd sakini Muradov Yaşar Tağı oğlu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Mərhumun oğlu 1994-cü il təvəllüdlü Muradov Anar Yaşar oğlu xəsarət alaraq Hacıqabul xəstəxanasına, digər sərnişin Ağdamın Dörd Yol qəsəbə sakini 1955-ci il təvəllüdlü Əmirov Şahin Şükür oğlu isə Şirvan xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, hadisə zamanı dünyasını dəyişən Muradov Yaşar təqaüddə olan polis polkovnik leytenantıdır. Faktla bağlı cinayət işi başlanılıb istintaq aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə