Hacıqabulda 22 yaşlı piyadanı avtomobil vurub. Hadisə barədə SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Bəxtiyar Qurbanov bildirib ki, 12 avqust tarixdə saat 15:30 radələrində Hacıqabul rayonunun mərkəzində M.Əsədov küçəsində sürücü Babayev Cavid Sübhan oğlu idarə etdiyi "VAZ 2106" markalı 24 BB 200 dövlət qeydiyyat nişanlı avtomobillə piyada Tağıyev Zamiq Fərasət oğlunu vurub. Sonuncu aldığı bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, piyada sağ bud sümüyünün qapalı sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağırlıqda qiymətləndirilir. Polisin bildirdiyinə görə, hadisə piyadanın qəflətən yola çıxması nəticəsində baş verib. Məlumat üçün bildirək ki, Zamiq Tağıyev həmin ərazidən keçən rayonlararası avtobuslarda olan sərnişinlərə qutab satmaqla məşğul olurmuş. Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB