Saatlıda polisi narkotiklərə qarşı mübarizəni gücləndirib - KRIMINAL

Saatlıda polisi narkotiklərə qarşı mübarizəni gücləndirib - KRIMINAL

Saatlıda polis "Xaş-xaş 2011" tədbirlər planına uyğun olaraq külli miqdarda narkotik vasitə olan marixuana və çətənə kolunu müsadirə edərək dövriyyədən çıxarıb.

SİA-nın Aran bürosuna məlumat verən Saatlı Polis şöbəsinin müstəntiqi Qurbanəli Quliyev bildirib ki, DİN-nin Baş Narkotiklərlə mübarizə idarəsi ilə birgə rayonun Şirinbəy kənd sakini Abışov Namiq Əli oğlunun həyətyanı sahəsindən 147 ədəd qurudulmuş, ümumi çəkisi 400 kiloqram olan çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Lakin Namiq Abışov istintaqdan qaçıb. Hal-hazırda şəxsin tutulması üçün əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bundan əlavə Fətəli kənd sakini Fətullayeva Səltənət Əmir qızının yaşadığı evin həyətindən 6 ədəd ümumi çəkisi 28,5 kiloqram çətənə kolu və 265 qram marixuana aşkar edilərək götürülüb.

Digər əməliyyat tədbirləri nəticəsində isə Şirinbəy kəndində "Sol sahil" su kanalının hər iki sahilində yabanı halda bitmiş 216 ədəd ümumi çəkisi 2376 kiloqram çətənə kolu aşkar edərək məhv edilib.


İqbal Mikayılov, SİA-nın Aran bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə