Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi Suraxanı rayonunda törədilən qətllə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, iyulun 16-da Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 21 saylı evin qarşısındakı ət mağazasında qəssab işləyən Alıyev Amin Zakir oğlunun meyiti aşkar edilib. Suraxanı Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, məhkəmə tibb ekspertinin iştirakı ilə aparılmış müayinə zamanı meyitin baş nahiyəsində çapıcı alətlərlə yetirilən xəsarətlər aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq hərəkətləri, intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törədən, 1989-cu ildə Tovuz rayonun Düz Qırıqlı kəndində anadan olmuş, Qobu qəsəbəsindəki "Qızıl Qaya" daş karxanasında mövsümi fəhlə işləyən Məmmədov Tural Ədalət oğlunun olduğu müəyyən edilib və o, iyulun 21-də şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı T. Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək Alıyev Amin Zakir oğlunu tamah məqsədilə qəsdən öldürdüyünü bildirib. Həmçinin, onun üzərinə baxış keçirilərkən cinayəti törədən zaman əynində olmuş paltarlar, mobil telefon, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülərək maddi sübut kimi tanınıb.
Hazırda işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB