Səbail rayonu ərazisində bədbəxt hadisə baş verib. 6 mərtəbəli "Dalqa Plaza" kompleksinin pəncərələrini təmizləyən 1980 təvəllüdlü Kamran Əlizadə qəfil trosun qırılması nəticəsində yıxılaraq ağır kəllə-beyin travması alaraq dünyasını dəyişib. Səbail rayon polis idarəsindən verilən məlumata görə, K. Əliyev şüşələri sifariş əsasında təmizləyib və təhlükəsizlik qaydalarına lazım olan səviyyədə əməl etmədiyi üçün bədbəxt hadisə ilə üzləşib.
Bu təhlükə ilə hər gün qeyri-leqal alpinizmlə məşğul olan onlarla insan üz-üzə qalır. Çünki paytaxtda pəncərə təmizliyi ilə yanaşı, heç bir texniki qaydalara əməl etməyən vətəndaşlar məşğul olur. Nəticə göz önündədir. Bu sözləri SİA-ya Bakıda "klininq" xidmətini yeganə olaraq həyata keçirən "Clean-Pak" şirkətinin meneceri Şahid Ağayev dedi: "Hündür mərtəbəli binaların şüşəsini təmizləməyə "klininq" xidməti, bu xidməti həyata keçirənlərə isə alpinist deyilir. Qeyd edim ki, alpinizm xüsusi texnologiya tələb edir və bu işlə məşğul olanlardan xüsusi hazırlıq tələb olunur. Ancaq bu gün paytaxtda fərdi şəkildə necə gəldi alpinizmlə məşğul olanların sayı durmadan artır. Alpinizm riskli peşədir və xüsusi hazırlıq tələb edir. Alpinistlər təkmilləşmə kursları keçməli, istifadə etdikləri kəndirlərin və digər alətlərin keyfiyyətinə zəmanət verilməlidir. Fərdi şəkildə xidmət göstərən alpinistlər öz xidmətlərini ucuz təklif etdikləri üçün onlara müraciət edənlərin sayı çox olur, ona görə də naşı alpinistlərin sayı durmadan artır. Alpinistlərin həyatı sığortalanmalı, qoruyucu vasitələrdən istifadə edib-etməməklərinə nəzarət olmalıdır. Əks halda bu fəaliyyət onların həyatı bahasına başa gəlir\".
Ş. Ağayev alpinistlərin istifadə etdikləri kəndirlərin istifadə müddətinin 1 il olduğunu dedi: "Alpinistlərin istifadə etdikləri kəndirlər üçün də xüsusi sertifikat verilməlidir. Hündür mərtəbəli binada işə başlamazdan öncə kəndir binanın üstündəki xüsusi yerə bərkidilməlidir. Alpinist kəndiri özünə bağladıqdan sonra xüsusi sistem vasitəsilə binanın üstünə düşməli, xüsusi qurğunun üzərində oturaraq işə başlamalıdır. Ancaq fərdi şəkildə fəaliyyət göstərənlər bu qaydalara riayət etmirlər. Bizim şirkətdə fəaliyyət göstərən alpinistlərin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlər görülür. Alpinistlər üçün xüsusi ayaqqabılar, paltarlar, əsas qoruyucu vasitə olan kaska və xüsusi uniformalar alınıb. Küləkli, yağışlı və ümumiyyətlə, qeyri-sabit hava şəraitində onların işə çıxması yasaq edilib. Biz pəncərələrin yuyulmasında peşəkar sənaye alpinistlərinin əməyindən istifadə edirik. Alpinistlərimiz mütəxəssis kurslarında təkmilləşdiriliblər, onların fəaliyyət göstərmələri üçün xüsusi sertifikat verilib".
Qeyd edək ki, paytaxt ərazisində hündürlüyü 59 metr olan, Milli Məclisin 15 mərtəbəli binasının təmizlənməsi məhz bu şirkətə həvalə edilib. Eyni zamanda digər göydələnlərinin də fasad və pəncərələrinin təmizliyinə "Clean-Pak"çılar nəzarət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB