İş adamının qətlə yetirilməsi ilə bağlı 5 nəfər həbs olunub

İş adamının qətlə yetirilməsi ilə bağlı 5 nəfər həbs olunub

Azərbaycan Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri iyulun 11-də Azərbaycan paytaxtında baş verən qətl hadisəsi ilə bağlı birgə açıqlama yayıb. DİN-in mətbuat xidmətindən SİA-ya daxil olan açıqlamada bildirilir ki, 2011-ci il iyulun 11-də saat 13.00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən \"Azər-Ross\" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

Fakt üzrə cinayət işi başlanılaraq DİN və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Aparılan prosessual və əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət etmişdir. Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36.000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar.

Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan DİN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.

İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə