Şikayətçi Yazgül İsmayılova: \"Ermənistan qaçqını olaraq bir dəfə əmlakımı ermənilər əlimdən alıb, ikinci dəfə isə Xəlil və Loğman adlı dələduzlar əmlakıma sahib çıxmaq istəyirlər\" - ŞİKAYƏT
\"Razıyam, qoy mənə istənilən cəzanı versinlər, amma Xəlil və Loğman kimi dələduzlar öldürməsin. Çünki sadəlövhlüyümdən istifadə edib, evimin sənədlərini notarius yolu ilə öz adlarına alqı-satqı ediblər\". Bu sözləri SİA-ya şikayət məktubunda Lövbatan qəsəbəsi, ikinci massiv ev 19-da yaşayan İsmayılova Yazgül Həsənəli qızı bildirib. Şikayətçi bildirib ki, 2010-cu ilin dekabr ayında yenicə ailə quran qızına fərdi yaşayış evi tikmək üçün banklardan birindən kredit götürmək istəyib: \"28 may\" metrostansiyasının yaxınlığında yerləşən \"Atabank\"ın yanında Məmmədov Loğman Əli oğlu ilə tanış oldum. O, mənə faizsiz kredit götürməyə yardımçı olacağını bildirdi. Amma sonradan bunun mümkün olmadığını, borc müqaviləsi yolu ilə Xəlil adlı birisindən pul almaq imkanları olduğunu bildirdi. Bunun üçün evinin sənədlərinin girov qoyulmasının vacib olduğunu qeyd etdi. Beləcə biz notariusa getdik. Mənə bir kağıza qol çəkmələrini söylədilər. Dedilər ki, qorxmağa ehtiyac yoxdur, bu, sadəcə, borc müqaviləsidir. Qol çəkdim və \"Kapitalbank\"a gəlib orada da mənə bir kağıza imza atdırdılar. Lakin mənə pul vermədilər. Orada məni qoyub, qaçıb getdilər. Bir həftə keçəndən sonra isə, Xəlil Musayev zəng edib, evi artıq aldığını və oranı boşaltmağı söylədi\".
Yazgül İsmayılova şikayət məktubunda bildirir ki, X.Musayevin telefon zəngindən sonra ciddi problemlə üzləşdiyini başa düşüb. Ona görə də, vasitəçi L.Məmmədovla görüşərək, məsələ ilə bağlı narahatlığını ona söyləyib: \"Loğman mənə dedi ki, narahat olma, uzağı ayın axırına qədər sənədi özünə qaytaracam, amma o, dediyinə etmədi. Onlar mənim tənhalığımdan, yaşlı olmağımdan və savadsızlığımdan istifadə edib, şəxsi mülkiyyətimi ələ keçirməyə çalışırlar. Buna görə mən özümü öldürmək istəyirəm, çünki mən Ermənistan qaçqınıyam. Bir dəfə əmlakım ermənilər tərəfindən əlimdən alınıb. Ona görə də, itki nə olduğunu bilirəm. Düşünürəm ki, azad, demokratik dövlət olan Azərbaycanda Xəlil və Loğman kimilər mənim ikinci dəfə əmlakımı əlimdən almağa gücləri çatmayacaq\".
Qeyd etmək yerinə düşər ki, Y.İsmayılova şəxsi mülkiyyətinin əlindən alınması yönümündə üzləşdiyi ciddi problemin araşdırılması üçün Qaradağ rayon Lökbatan qəsəbəsi polis şöbəsinə ərizə ilə müraciət edib. Məsələni araşdıran İqbal Hacıyev bizimlə söhbətində iddia ərizəsinin polis şöbəsinə daxil olduğunu təsdiqlədi: \"Mübahisəli məsələ ilə bağlı təhqiqat işləri aparılır. İstintaq sirri olduğundan geniş açıqlama vermək fikrində deyil\".
Şikayət məktubunda adı qeyd olunan Xəlil Musayev bizimlə söhbətində, ilk öncə, haqlı olduğunu və Y.İsmayılovanın şantaj və böhtanla məşğul olduğunu bildirdi: \"Yaxşı olardı ki, siz belə işlərlə məşğul olmayın. Müstəntiq ki, deyilsiniz. İstənilən halda mənzil mənimdir. Buna da nail olacam\".
İ.ƏLİYEV
P.S.Məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB