Avropanın mərkəzi hissəsində qasırğa baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avstriya və Polşanın bəzi ərazilərində güclü külək əsib, leysan xarakterli yağış yağıb və dolu düşüb. Nəticədə Avstriyanın Zalsburq rayonunda əkin sahələri yararsız hala düşüb, ildırım vurmadan bir neçə yaşayış evində yanğın baş verib. Yanğınla mübarizəyə 1,5 min yanğınsöndürən cəlb olunub. Alovun yayılmasının qarşısını alan yanğınsöndürənlər arasında xəsarət alanlar olub.
Güclü külək Polşanın cənubunda tikililərin dam örtüklərini zədələyib, ağacları qırıb, elektrik xətlərini sıradan çıxarıb. Həmçinin, 10 min insanın elektrik enerjisi ilə təminatı kəsilib, qatarların hərəkəti iflic vəziyyətə düşüb. Tələfatın olmadığı qeyd edilir.
Eyni zamanda anoloji hal Çinin Pekin şəhərində də baş verib. Paytaxt ərazisinə daxil olmuş siklonun səbəb olduğu leysan xarakterli yağış və güclü külək şəhərin küçələrini su altında qoyub. Nəticədə, yeraltı keçidlər və metro stansiyaları yağış suları ilə dolub, avtomobil yollarında tıxaclar yaranıb. İctimai nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Pekin Beynəlxalq Hava Limanında 170 aviareys təxirə salınıb. Qeyd olunan ölkələrdə kəskin hava şəraitinin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB