Bəzi kənd və qəsəbələrin Göygöl rayonu ilə əlaqəsi kəsilib - FOTO

Bəzi kənd və qəsəbələrin Göygöl rayonu ilə əlaqəsi kəsilib - FOTO

Bir neçə gün öncə Göygöl rayonunda baş verən təbii fəlakətin fəsadları tam aradan qaldırılmayıb. Hələ də bəzi kəndlərin rayon mərkəzi ilə yanaşı Gəncə şəhəri ilə də əlaqəsi kəsilib. SİA-nın Qərb Bürosu xəbər verir ki, Firuzabad qəsəbəsində yaşayan əhali artıq 10 günə yaxındır ki, acınacaqlı vəziyyətdədir. Sel suları qəsəbə sakinlərinin rayon mərkəzi ilə əlaqəsini kəsib. Səbəb Firuzabad əhalisinin Göygölün mərkəzinə çıxışını təmin edən körpünün uçmasıdır. Gələn cüclü sel təxminən yarım saat ərzində körpünü tamamilə yuyub. İndi insanlar çarəsiz qalıb ağır şəraitdən çıxmaq üçün aidiyyəti qurumların görəcəyi tədbirləri gözləyir.

Bildirək ki, Firuzabad qəsəbəsində təxminən 400-ə yaxın əhali yaşayır. Hazırda sakinlər Göygöl rayonuna getmək üçün Gəncə şəhərinin içindən hərəkət etmək məcburiyyətində qalır ki, nəticədə əhali ən azı 20 km məsafə qət edir. Sakinlər deyir ki, indiki halda hansısa bədbəxt hadisə zamanı köməyə nə təcili yardım gələ bilər, nə də ki, xəstə xəstəxanaya çatdırıla bilər.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyev məsələ ilə bağlı SİA-ya bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Təxminən 2 günə kimi körpü istifadəyə yararlı hala gətiriləcək. Bundan sonra isə əlavə tədbirlər görüləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə