Daşkəsənə dolu düşüb - FOTOSESSİYA

Daşkəsənə dolu düşüb - FOTOSESSİYA

Daşkəsən rayonuna güclü dolu yağıb. Təbii fəlakət nəticəsində rayonun kənd təsərrüfatına ciddi ziyan dəyib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Xoşbulaq və digər ucqar kəndlərdə güclü külək və dolu ilə müşayiət olunan yağış daha çox fəsadlara yol açıb. Aqrar rayon olan Daşkəsəndə bəzi əkin sahələrini sel suları yuyub. Dolu yağışı mənzillərin dam örtüklərini uçurub. Fövqəladə hadisə zamanı kənd sakinlərinin mal-qaraları da sel sularına qərq olub. Günorta saatlarından başlayan pis hava şəraiti nəticəsində rayonun dağ kəndlərinə yarım saat aramsız olaraq dolu düşüb. Avtomobil yollarını qaya parçaları və çınqıllar örtüb.

Vəziyyətlə bağlı rayon İcra Hakimiyyətinin rəsmiləri tərəfindən tədbirlər həyata keçirilir. İcra başçısı Əhəd Abıyev SİA-ya bildirib ki, ilk növbədə avtomobil yolları daş parçalarından təmizlənib və maşınların hərəkəti bərpa edilib. Bütün texnikalar ziyana məruz qalan ərazilərə cəlb olunub. Vətəndaşlara dəyən ziyanın artıq bir qismi ödənilib.

Məlumat üçün qeyd edək ki, Daşkəsəndə son illərdə belə yağıntı müşahidə olunmayıb. Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə