Bakıda yollardan birində svetoforların iş rejimi dəyişdirilib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti ilə Azər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlillər aparılıb və nəticədə yolda olan svetoforların iş rejimi dəyişdirilib. SİA xəbər verir ki, bu barədə NİİM-in məlumatında bildirilib.

Qeyd edilib ki, əvvəllər Qara Qarayev prospektindən həmin küçələrin kəsişmələrinə daxil olan sürücülər burada daha çox gözləməli olurdular və nəticədə prospektdə intensivlik azalırdı: “Yaranan problemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola Azər Manafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyat vasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığın yanma müddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücüləri narahat edən problem həll edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə