Oktyabrın 11-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək, əziz xatirəsi ehtiramla yad olunub.
Sonra Gəncə şəhər Gülüstan qəsəbəsindəki “İstiqlal” parkında yerləşən “Memorial Abidə Kompleksi” ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Qəbulda iştirak edən 149 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbul işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Həmçinin prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq, işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə