"Əhməd Əhmədovla bağlı məsələyə mənəvi tərəfdən yanaşılır" - HÜQUQŞÜNAS RƏY BİLDİRDİ
"Əhməd Əhmədovun törətdiyi ailə qətliamı son illərin ən ağır cinayətlərindən biri kimi cəmiyyəti çox sarsıtdı". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.
O bildirib ki, ona görə də sosial şəbəkələrdə gedən müzakirələr anlaşılandır: "Cəmiyyət hadisəyə mənəvi tərəfdən yanaşır və ona görə də hətta ilk gündən cinayətkarın barəsində ölüm hökmü çıxarılmasını tələb edir. Lakin məlum olduğu kimi, Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv edilib. Bu tip xüsusilə ağır cinayətlər üzrə hazırda ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir. Lakin Əhməd Əhmədovun psixi xəstəlikdən əziyyət çəkdiyi və hadisəni şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altnda törətdiyi artıq sübut olunub. Bu da bir gün içərisində deyil, ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək sübut edilib və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən olunub.
Məhkəmə zamanı Əhmədin donuq baxışları, susqunluğu və digər davranışları da onun törətdiyi əməlin nə qədər dəhşətli olduğunu hələ də dərk etmədiyini göstərir. Belə olan halda onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq edilməsi tamamilə doğrudur. Çünki hal-hazırkı psixi vəziyyətinə görə Əhməd özü və ətrafdakılar üçün təhlükəlidir, daimi həkim nəzarətində olmalı, stasionar şəraitdə məcburi müalicə edilməlidir. Bu qərar tam ədalətli və cinayətkarın psixoloji durumuna görə tam adekvatdır. Sadəcə hər kəs baş verən bu tip hadisələrdən özü üçün dərs çıxarmalı və övladlarının psixoloji xəstəliklərini gizlətməkdən, ört-basdır etməkdənsə onların müalicəsi üçün cəhd etməlidir ki, bu cür faciələr bir daha baş verməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə