Naxçıvanda erkən nikaha cəhdin qarşısı alınıb

Naxçıvanda erkən nikaha cəhdin qarşısı alınıb. Bu barədə SİA-ya Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, qurum tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Xələc kənd sakini 25 may 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan V.L-nin (ad və soyad şərtidir) 22 sentyabr 2006-cı il təvəllüdlü Şərur rayon Oğlanqala kənd sakini Z.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 17 sentyabr tarixində toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib.

Həmin məlumat əsasında 2024-cü il 16 sentyabr tarixində Dövlət Komitəsi əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçiriləcək ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən nikahın qarşısı alınıb.

Qeyd edilib ki, erkən nikaha cəlb edilən hər iki tərəf yetkinlik yaşına çatmayan şəxslər olub.

Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq: “Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə