Ağdaşda 28 yaşlı gəncin qətlinin təfərrüatları məlum olub

Ağdaşa toya dəvət alan Qobustan sakininin qətlə yetirilməsinin təfərrüatları məlum olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Qobustanın Nərimankənd sakini 28 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. İlkin məlumata görə, İ.İsgəndərli ilə toya dəvət alan digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə