Şəkinin daxili yolları təmir edilir - FOTOLAR - VİDEOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib. SİA agentliyə istinadən xəbər verir ki, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Bu işlərə paralel olaraq, şəhərin relyefinə uyğun prospekt və küçələrin hərəkət hissəsinin kənarlarında səth sularının kənarlaşdırılması üçün suötürücülük qabiliyyəti nəzərə alınaraq müxtəlif ölçüdə arx və kanalların yenidən qurulması, tikintisi və təmiri işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.

Yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.

https://youtu.be/6lfubpW3v1Q

Bütün xəbərlər Facebook səhifəmizdə