FHN yanğın-taktiki təlim keçirib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhərinin Xəzər rayonu ərazisindəki “Taghiyev Operating Company” MMC-yə məxsus Buzovna neft terminalı çənlər parkında “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda təlim keçirib. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə hadisə baş verdikdə əraziyə cəlb olunan mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və belə obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin, Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin, Bakı şəhərinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin, həmçinin 2 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələri cəlb olunub.

Təlim zamanı çənlər parkında baş vermiş şərti hadisə ilə əlaqədar müvafiq yerə operativ çatan yanğından mühafizə bölmələri “yanğın”ı qısa müddətdə “məhdudlaşdırılaraq söndürüb”.

Uğurla keçirilən yanğın-taktiki təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə