Mətbuat Şurası Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Respublikamızın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskər (Ramiz Baxşəli oğlu Əskərov) dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. SİA xəbər verir ki, bu sözlər tanınmış jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin paylaşdığı nekroloqda yer alıb.

Nekroloqda bildirilib ki, 1954-cü ildə Gümrünün Amasiya rayonuna bağlı Qaraçanta kəndində (Ermənistan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçid alan R.Əskər 1978-ci ildə həmin ali təhsil ocağını bitirib.

1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda çalışmış mərhum jurnalist 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru vəzifəsində işləyib. 1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbaları əsasında işıq üzü görmüş “Odlar yurdu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb.

R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasında çalışıb, azərbaycanca və rusca Türk mədəniyyət tarixi, Türkologiyanın əsasları, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib. 2007-2012-ci illərdə filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçilən R.Əskər 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

80-ə yaxın beynəlxalq simproziumun və konfransın iştirakçısı olmuş Ramiz Əskər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifi kimi də tanınb. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. O, həmçinin 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilmişdi.

“Ölkəmiz, bütövlükdə türk dünyası üçün zəngin və faydalı ömür yaşamış, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilmiş Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür. Uca Tanrıdan məhrumun doğmalarına, əzizlərinə, onu tanıyan, bənzərsiz və təkrarsız əməyinə yüksək dəyər verən hər kəsə səbir diləyir, kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!”, - deyə nekroloqda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə