Şəhid Elbrus İsaqovun qalıqları Biləsuvarda dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyənləşən şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları dəfn edilib. Elbrus İsaqovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyənləşib. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları Biləsuvar rayonundakı 1 saylı Cəbrayıl qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.

Şəhidlə qəsəbədə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Şəhidin qalıqları qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü Elbrus İsaq oğlu İsaqov 1984-1986-cı illərdə Əfqanıstanda xidmətdə olub. Könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Döyüş yoluna Murovdağ silsiləsindən başlayıb. Ömər aşırımının müdafiəsində qəhrəmanlıq göstərib. 1994-cü ilin fevral ayının 11-dən sonra itkin düşmüş sayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə