Şəhid Zülfüqar Abbasovun nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Otuz il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də Abbasov Zülfüqar Kamil oğludur. Zülfüqar naməlum şəhidlərimizdən biri olaraq Gəncə şəhidlər xiyabanında dəfn edilmişdi. Ekshumasiya nəticəsində kimliyi məlum olan Zülfüqar Abbasovun nəşinin qalıqları mayın 22-də ata-baba yurdu Sabirabadda torpağa tapşırılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhid Zülfüqar Abbasovun nəşi Sabirabadda izdihamla qarşılanıb, ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Sabirabad şəhərinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi dəfn üçün kənd qəbiristanlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dua oxunduqdan sonra şəhid Zülfüqar Abbasovun nəşinin qalıqları torpağa tapşırılıb.

Qeyd edək ki, Abbasov Zülfüqar Kamil oğlu 1994-cü il martın 30-da Ağdərə rayonunun Çaylı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə