Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Nəriman Nərimanov” stansiyasında təlim keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən keçirilib. Əvvəlcə, FHN-in 112 - qaynar telefon xəttinə metronun “Nəriman Nərimanov” stansiyasının 2-ci vestibülündə “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri görülüb.
FHN-in mobil yanğın-xilasetmə qrupları fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə edilərək onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN-in və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB