Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunun Nəriman Nərimanov küçəsi, 1 ünvanındakı “Az Metal İndustry Company” MMC-yə məxsus istehsalat sexində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları və daxili yanğın su kranları quraşdırılmayıb. Obyektdə propan tipli qaz balonlarından və standartlara uyğun olmayan qızdırıcı sobadan istifadə olunur. İzolyasiya örtüyü zədəli və nasaz elektrik avadanlıqlarından istifadə edilməklə, elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə olunması üçün qoruyucu aparatlarla təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi yenilənməyib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanmış paytaxtın Sabunçu rayonunun Nəriman Nərimanov küçəsi, 1 ünvanındakı “Az Metal İndustry Company” MMC-yə məxsus istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə