Vaqif Xaçatryanın məhkəməsində şahidlər ŞOK FAKTLARI DANIŞDI - SORĞU
Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib. SİA-nın məlumatına görə, V.Xaçatryan Azərbaycan tərəfindən vəkil və tərcüməçi ilə təmin olunub, ona qanunvericiliyin tələbləri izah olunub.
Zərərçəkmişlərin fikirləri öyrənilib.

Zərərçəkmiş Əli Behbudov: “Meşəli kənd sakiniyəm. Bu hadisələrin hər birində iştirak etmişəm. Bizim kənddə hamı demək olar ki, bir-biri ilə qohum idi. Ən yaxın itkilərimizdən qaynatam, bibim, bibimin iki oğlu və yeznəmiz oldu. Həmçinin, əmim və qaynım da yaralandı. Ermənilər bizim evlərimizi yandırdılar, mal-qaramızı güllələdilər. Gözlərinə canlı görünən nə varsa, hamısını öldürürdülər.
Vaqif Xaçatryanın adını ermənilərin mikrofonlarından eşidirdim. Deyirdilər ki, Vaqif dərənin o üzündən - bu üzündən gəl. Dəstənin üzvlərinin adlarını da yaxşı bilirəm. Çox şəxslərin adlarını çəkmək olar. Düzdür, Vaqif orada olduğunu inkar edərək deyir ki, “Mən orada olmamıaşm”. Mən olsam, bəlkə mən də belə söyləyərdim. Amma kəndin bütün cığırlarını tanıyan Vaqif Xaçatryan idi”.

Zərərçəkmiş Nadir Əkbərov: “Meşəli kəndinə hücum edənlərin başçılarından biri Vaqif idi. Onların hamısı bizim kəndi 5 barmaqları kimi tanıyırdılar. İndi inkar etsələr də, bu gerçəkdir.
Vaqif məni tanımaya bilər. Çünki mən onun kimi adamlarla oturub-durmamışam. İnkar edir də, bəs necə olmalı idi. O hardan bilir ki bizim kənddə nə qədər avtomat var idi? Hər şeyi yaxşı bilir. O heç nə etməyibsə, bəs niyə həbs olunur? Meşəli balaca kənddir və hamı qohum idi. Yanımda polis işçisi belə vurulub.
Məhkəmədən tələbim odur ki, Vaqifə ən ağır işgəncələr versinlər, onu ömürlük həbs etsinlər. Vaqifin cəzası budur. O, zülm çəkə-çəkə ölməlidir. Çünki Vaqif qız-gəlinlərimizi tikə-tikə doğrayıb. O hər şeyi yalan deyir. Xocalıları da Vaqif qırıb”.
Zərərçəkmiş Salman Rəhimov: “Bu şəxsi mən şəxsən tanımıram. Amma hadisələrdə iştirak etdiyimə görə bilirəm. Bacım orada ərdə olub. Mən də o kəndə getmiş və cinayətləri görmüşəm.
Meşəli kəndində olarkən hadisə baş verdi. Gecə yatdığımız yerdə ermənilər hücum ediblər. Evdə yatdığım yerdə ayağımdan güllə yarası aldım. Bacım da eyni şəkildə yaralanıb. Ondan sonra ermənilərin mikrofonla camaata “Sizi qıracağıq”, “Kənddən çıxın” və “Təslim olun” sözlərinin şahidi olmuşam. Onlar kəndə hücum edib camaatı qırıb yandırıb. Bunlara gözümlə şahid olmuşam.
Bütün kənd camaatı hamı Vaqifi tanıyır. Deyirlər ki, o işin başçısı Vaqif olub və təşkilatçılıq edib. Mənim dayılarım, nənəm, babam Meşəlidə ölüb. Ermənilər bilir ki, mənim babam kəndi qoruyub saxlayan kişilərdən biri olub. Vaqif babamı çox yaxşı tanıyır. Qıçımdan və çiynimdən yara almışam. Güllə çiynimdən dəyib kürəyimdən çıxıb. Nənəm də başından güllə yarasından ölüb. Nənəmin beyin hissəsi dəfn olunduqda yox idi. Ermənilər hücumda əsas avtomat, pulemyotdan istifadə edirdilər. Bütün kəndi üzük qaşı kimi mühasirəyə almışdılar. Mən məhkəmədən iki güllə yarası almış şəxs kimi xahiş edirəm ki, bu adama ömürlük həbs cəzası verilsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB