“PlayStation”un güdazına gedən 19 yaşlı gənc...

“PlayStation”un güdazına gedən 19 yaşlı gənc...

Krasnodarın mərkəzində 19 yaşlı oğlan mənzillərin birində bıçaqla kəsilmiş vəziyyətdə tapılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanları məlumat yayıb.

Deməli,oğlanın meyitini evdə bacısı tapıb. Əməliyyatçılar istintaqa başlayıblar və araşdırma zamanı cinayətkarın izinə düşüblər. Bunun Orenburqdan olan 34 yaşlı qonaq olduğu ortaya çıxıb.

Beləliklə, məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə reklamlar olan internet saytı vasitəsilə tanış olub. Sonuncu “PlayStation” satırmış. Görüşməyə razılaşıblar. Orenburqlu 19 yaşlı Krasnodar sakininin evinə gəlib və konsolun işini yoxlayarkən ona 17-dən çox bıçaq xəsarəti yetirib. Gənc ölüb. Qatil onların yazışmalarının orada saxlanıla biləcəyindən qorxaraq telefonunu da oğurlayıb, həmçinin simsiz qulaqlıqlardan və telefonla sinxronlaşdırılmış elektron saatdan xilas olmağa çalışıb. Cinayəti törədən şəxs mənzildən noutbuk, oyun konsolu və digər elektron avadanlıqları oğurlayaraq hadisə yerindən qaçıb.

Qatilin cinayətin izlərini gizlətmək cəhdi baş tutmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb, yaşayış yeri üzrə axtarış zamanı oğurlanmış əşyalar aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib. Cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə