İspaniya yanır

İspaniyanın Tenerife adasının şimal-şərqindəki təbiət parkında çərşənbə axşamı başlayan meşə yanğını söndürülə bilmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə 17 təyyarə, 350 yanğınsöndürən və hərbi qulluqçu ilə aparılan işlərə baxmayaraq, alov genişlənir. İndiyə qədər 3 min 273 hektar sahə yanğında külə dönüb. Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo gecə saatlarında verdiyi açıqlamada yanğının hələ də yayılmaqda davam etdiyini bildirib: “Amma bizim prioritetimiz əhalinin məskunlaşdığı əraziləri qorumaqdır. Bu, yəqin ki, Kanar adalarında ən azı son 40 ildə baş vermiş ən mürəkkəb yanğındır." Klavixo eyni zamanda ekipajların gecə-gündüz işlədiyini, lakin yanğının nəzarətdən çıxdığını söyləyib. Yanğının söndürülməsi davam edir. İspaniya hökumətinin məlumatına görə, ilin ilk 7 ayında meşə yanğınları təxminən 64 min hektar ərazini yandırıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə