Avqustun 2-də saat 23:20 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan "Hyundai Elantra" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib. SİA xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Məlumata görə, maşinist təcili tormozlanma aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.
"ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq.
Sürücülərin qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib, onlardan 6 nəfəri xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.
Ötən ilin eyni dövrü ərzində isə dəmiryol keçidlərində 12 hadisə baş verib, onlardan 4 nəfəri xəsarət alıb, 1 nəfər isə həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB