Qadın özünü prokurorluğun dindirmə otağının pəncərəsindən atıb

Qadın özünü prokurorluğun dindirmə otağının pəncərəsindən atıb

İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb.

T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə