FHN qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

FHN-dən SİA-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Göygöl rayonu, Toğanalı kənd sakinləri Rəşid Akif oğlu Məhərrəmov, Elmidar Eldar oğlu Həsənov, Dəyanət Mənzil oğlu Həsənov, Rəhman Ağarıza oğlu Quliyev, Təranə Əjdər qızı Əliyeva, Elmir Hidayət oğlu Həsənov, Ağarza Rəhman oğlu Quliyev, Yaşa Dəmir oğlu Ocaqverdiyev, Rabil Zabit oğlu Quliyev, Azər Qafar oğlu Qurbanov, Aybəniz Tapdıq qızı Abbasova və Əfəndi Yaşa oğlu Ocaqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub.

Sıx meşə ilə sərhəddə qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların yaşayış massivində, həmçinin meşə ərazisinin yaxınlığında istismar edilməsi yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə zidd olaraq ağac kömürünün hazırlandığı ocaqxanaların fəaliyyəti dayandırılaraq, onları təşkil edən Göygöl rayonu, Toğanalı kəndinin adı çəkilən sakinləri barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə